FHN-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin inzibati hissəsinin əsaslı təmirdən sonra açılışı olub.
APA TV-nin məlumatına görə, mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.
Tədbirdə idarənin iş fəaliyyəti barədə jurnalistlərə ətraflı məlumat verilib. Bildirilib ki, idarədə yeni proqram təminatı mövcuddur, "112" xidmətinə əhalidən daxil olan zənglərin daha operativ cavablandırılması üçün hər cür şərait yaradılıb. Həmçinin "112" xidmətinin Android versiyası da istifadəyə verilib.
Daha sonra FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı Əli Hüseynli və nazirliyin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nazir Kəmaləddin Heydərov bildirib ki, bu gün müstəqil, qüdrətli və çiçəklənən Azərbaycanın mövcudluğu üçün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevə borcludur: “Ulu Öndər istər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə, istərsə də 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədəki ictimai-siyasi xaos və iqtisadi böhrana son qoyaraq vətəndaş qarşıdurmasının, dövlətimizin məhv olmaq təhlükəsinin qarşısını alıb. Məhz xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və titanik fəaliyyəti nəticəsində ölkə həyatının bütün sahələrinə nüfuz etmiş dərin böhran aradan qaldırılıb, milli-mənəvi həmrəylik və ictimai-siyasi sabitlik təmin edilib, demokratik institutlar bərqərar olub. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayan ümummilli liderin gərgin əməyi, yorulmaz fəaliyyəti nəticəsində dövlətimiz daha da güclənib. Dahi rəhbərin yürütdüyü müdrik siyasət, həyata keçirdiyi məqsədyönlü, irimiqyaslı islahatlar nəticəsində ərazi bütövlüyümüzü qorumağa qadir qüdrətli silahlı qüvvələr yaranıb, əhalinin rifahı yaxşılaşıb, ölkə iqtisadiyyatı inkişaf etmişdir. Unudulmaz liderin çevik diplomatik fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilib”.
Nazir qeyd edib ki, Heydər Əliyev məktəbinin layiqli və alternativsiz davamçısı İlham Əliyev də məhz ulu öndər tərəfindən əsası qoyulmuş möhkəm özüllər üzərində respublikamızı daha da inkişaf etdirib, regionun lider dövlətinə çevirib, beynəlxalq nüfuza malik bir dövlət formalaşdırıb: “Dahi rəhbərin müdrik siyasətini zamanın tələbinə uyğun yeni çalarlar əlavə olunmaqla davam etdirən dövlət başçısının həyata keçirdiyi dərin və irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə daha da artan inkişaf templəri qeydə alınır, vətəndaşların həyat səviyyəsi yüksəlir. Erməni silahlı qüvvələri ilə təmas xəttindəki son hadisələr göstərdi ki, Azərbaycan Respublikasında Ali Baş Komandanın rəhbərliyi ilə fəaliyyət göstərən çox qüdrətli ordu, böyük ruh yüksəkliyinə malik silahlı qüvvələr var”.
K. Heydərov qeyd edib ki, bütün Azərbaycan xalqı kimi, nazirliyin hər bir əməkdaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığına inanır.
Tədbirdə çıxış edən Əli Hüseynli müasir və qüdrətli Azərbaycanın qurucusu və banisi olan Ulu Öndərin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib.