Zakir Həsənov düşmənlə üz-üzə səngərlərdə - GÖRÜNTÜLƏR
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.
Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl verilmiş növbəti polkovnik hərbi rütbəsi təqdim olunub.
Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən nazir onlara qiymətli hədiyyələr təqdim edib və çay süfrəsi arxasında söhbət aparıb.