Lerikdə canavarlar kəndə hücum etdi: 10 qoyun parçalandı

Dağlıq Lerik rayonunda canavarlar kəndə hücum edib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun “40-cı kilometr” deyilən yaşayış məntəqəsində qeydə alınıb.

 

Kəndə soxulan yırtıcı heyvanlar Nizami Məlikova məxsus təsərrüfatdakı qoyunların saxlandığı tövlənin pəncərəsindən içəri keçiblər. Təhlükə hiss edən heyvanlar qapını sındıraraq çölə qaçıblar. Yırtıcılar isə elə çöldəcə qoyunları yaxalayaraq parçalayıblar. Fermerin sözlərinə görə, canavarlar sürüdən 10 baş qoyunu parçalayıb yeyib, daha 10 qoyun isə yaralı vəziyyətə düşüb: "Səhərə yaxın çoban zəng vurdu ki, canavarlar qoyunlara hücum edib. Gəldim gördüm 10 baş qoyunu canavar yeyib, 10 başını da yaralayıb. 5 başı da yoxa çıxıb, gəzmişik, tapa bilmirik. Gələn baytar da dedi ki, yaralıların sağalması mümkün deyil. Hardasa 3 min manata yaxın ziyan dəyib".

 

Qeyd edək ki, əraziyə Lerik Rayon Baytarlıq İdarəsinin həkimləri gəlib. Yaralanmış qoyunlara yerindəcə yardım göstərilib, digər zəruri tədbirlər həyata keçirilib. 

 

Kənd sakinlərinin sözlərinə görə, ərazidə analoji hadisə əvvəllər də baş verib.

Müəllif | Apa.Tv