“Eurovision"da təxribat: ermənilər "DQR"in bayrağını qaldırdılar
Ermənistanın nümayəndə heyəti “Eurovision-2016” mahnı müsabiqəsində təxribata yol verib.
APA TV-nin məlumatına görə, müsabiqədə iştirak edən erməni nümayəndə heyəti separatçı “DQR” bayrağını dalğalandırıblar.
Birinci yarımfinaldan sonra mətbuat konfransında İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov öncə Səmra Rəhimlini finala çıxması münasibətilə təbrik edib və erməni nümayəndə heyətinin qondarma “DQR” bayrağı dalğalandırmasına görə etirazını bildirib.
Xatırladaq ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı. Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı. Lakin daha sonra “Eurovision” Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.