Ermənilər yaralılarını müalicə edə bilmir, valideynlər üsyan edir

Dağlıq Qarabağda aprel ayında baş verən döyüşlərdə yaralanan erməni hərbçilərinin valideynləri övladlarını xaricdə müalicə etdirmək istəyirlər. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, onlar bunu ölkə səhiyyəsinin yarıtmaz vəziyyətdə olması ilə əlaqələndirirlər.


Bunu Ermənistanın səhiyyə naziri Armen Muradyan da təsdiqləyib. Azərbaycan Silahlı Qüvvələrinin işğalçı orduya endirdiyi əks-zərbələr nəticəsində yaralanan əsgərlər Arman Lazqiyan və 19 yaşlı Ruben Arakelyanın ailə üzvləri onlara düzgün diaqnoz qoyulmadığını iddia edirlər. Bundan əlavə, 27 yaşlı Erik Babayan 1 aydan çoxdur ki, yaşamaq uğrunda mübarizə aparır. Bunu "Erebuni" klinikasının anestezioloq-reanimatoloqu Yuri Xaçatryan deyib.

 

Buna baxmayaraq, hər üç hərbçinin valideyni müalicə prosesindən razı olmadıqlarını, övladlarının həyatı üçün təhlükə yarandığını bildirirlər. Onlar qeyd edirlər ki, əgər dövlət onların uşaqlarının müalicəsinin xaricdə davam etdirilməsinə dəstək verməsə, lazımi addımlar atacaqlar.

 

Xatırladaq ki, aprel döyüşlərində Arman Lazqiyan və Ruben Arakelyan onurğa sütunundan, Erik Babayan isə ayağının oynaq nahiyəsindən yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv