MHP qurultayı ilə bağlı qərar açıqlandı, Baxçalı dərindən nəfəs aldı
Milliyyətçi Hərəkat Partiyasının mayın 15-nə nəzərdə tutulan növbədənkənar qurultayı keçirilməyəcək. APA TV-nin məlumatına görə, Ali Məhkəmə qurultayın keçirilməsinə dair alt məhkəmə qurumunun çıxardığı qərarın icrasını müvəqqəti olaraq dayandırıb. Ali Məhkəmədən bildiriblər ki, “MHP qurultayı” ilə bağlı təqdim olunan sənədlər toplusunu müzakirə etməyə imkan olmayıb, bu səbəbdən hələlik növbədənkənar qurultayın keçirilməsi haqqında qərarın icrası təxirə salınır. Ali Məhkəmə həmçinin yekun qərarın may ayı ərzində veriləcəyini də açıqlayıb.
Xatırladaq ki, MHP-də rəhbərliyə müxalif olan şəxslər partiyanın növbədənkənar qurultayının çağırılması tələbi ilə imza toplamış, lazım olan miqdardan da çox imzanı partiyanın icra qurumuna təqdim etmişdi. Buna rəğmən MHP sədri Dövlət Baxçalı qurultay çağırmaqdan imtina etmiş, müxaliflər bu qərara etiraz edərək məhkəməyə müraciət etmişdi. Məhkəmə müxaliflərin iddialarını əsaslı sayaraq qurultayın keçirilməsinə qərar vermiş, mayın 15-də qurultayın keçirilməsi üçün 3 nəfərdən ibarət qəyyum heyətinin tərkibini açıqlamışdı. Baxçalı tərəfdarları bu qərardan Ali Məhkəməyə müraciət etmiş və qərarın ləğvini istəmişdi. Ali Məhkəmənin son qərarı əvvəlki instansiya məhkəməsinin qərarının ləğvi deyil, təxirə salınmasıdır. Qurultayın keçirilmə qərarının qanuna uyğun olub-olmadığına ay ərzində yekun qərar veriləcək.
Qeyd edək ki, müxaliflər partiya sədri Dövlət Baxçalının istefaya getməsini, onun yerinə yeni sədr seçilməsini tələb edirlər. Sədr postuna əsas namizədlər Sinan Oğan, Meral Akşener, Koray Aydın və Ümit Özdağdır.