Memar Herman Tilke: "Qala Qapısında olan təhlükəli hissə "Formula 1"i daha maraqlı edəcək"

"Digər treklərlə müqayisədə Bakı treki mənim daha xoşuma gəlir. Möhtəşəm tədbirin keçirilməsinə 5 həftə qalıb. Buna baxmayaraq, görəcəyimiz işlər çoxdur. İnanıram ki, "Formula 1" yarışı möhtəşəm və uğurlu şəkildə baş tutacaq". APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhər Halqasının tikinti üzrə memarı Herman Tilke bu gün keçirilən mətbuat konfransında deyib.

 

Memar trasla bağlı bir neçə pilotla söhbət etdiklərini və təhlükəsizliklə bağlı heç bir problemin olmayacağını söyləyib: "Bütün işlər vaxtında və plana uyğun gedir. Şübhə etmirəm ki, burada lazım olan şərait yaradılacaq və hər şey vaxtında hazır olacaq. Bu işdə əməyi olan hər kəs üzərinə düşən işləri lazımınca yerinə yetirir. Trekin hazırlanma prosesini hamımız görmüşük. Bakıdakı nəqliyyatı nəzərə alaraq, yol kənarındakı beton blokların qoyulması və hasarların çəkilməsi işləri gedir. Bu proses gecələr aparılır. Təhlükəsizliklə əlaqədar ən son standartlar tətbiq olunur. Artıq bir ildir işlərə start verilib və lazımi istiqamətdə gedir".

 

Herman Tike bildirib ki, sərt döngələrdə xüsusi təhlükəsizlik baryerlərindən istifadə ediləcək. Bu baryerlər ABŞ-dan gətirilib və digər məkanlarda istifadə edilərək sınaqdan keçirilib. Trasın Qala Qapısında olan təhlükəli hissəsi yarışı daha da maraqlı edəcək: "Bu hissə yarışmanı daha maraqlı edir və dünya miqyasında fərqləndirir. Yarışda da ən yaxşı pilotlar olacaq ki, onlar bu yerdən keçməyi bacaracaqlar. Qəzaya gəlincə, hər hansı ərazidə xoşagəlməz hadisə yaşanarsa, bizim marşallar işin öhdəsindən gəlməyə qadirdirlər".

 

Memar əlavə edib ki, Bakı trası 3 variantdan seçilib. Əsas meyar Bakının gözəl, görməli yerlərinin nümayiş etdirilməsi və trasın mürəkkəb olması idi. Paytaxtın məşhur qəmbər daşlarının örtülməsinə gəlincə, o bildirib ki, asfalt qatı həmin əraziyə heç bir zərər yetirməyəcək: "İyunun 16-sı səhər saatlarında trası istismara verəcəyik və hər kəs canlı görə biləcək. Bu müddətədək orada bəzi işlər görüləcək. Şəhər treki sakinlərə problem yaratmamaq üçün yarış ərəfəsində istifadəyə veriləcək".

Müəllif | Apa.Tv
Almaz Qasımova