Tərtərdə elektrik naqillərini oğurlayan şəxslər tutuldu
Tərtərdə cəbhə kəndlərində elektrik naqillərin oğurlayıb satan şəxslər yaxalanıb. Tərtər rayon Polis Şöbəsindən APA TV-nin Qarabağ bürosuna verilən məlumata görə, aprelin 2-dən 10-dək olan müddətdə cəbhə xəttində yaranmış gərginlikdən istifadə edən bir qrup yerli sakin artezian quyularına gedən elektrik naqillərini oğurlayıb.
Tərtər rayon Subartezian Quyularının İstismarı İdarəsindən daxil olan şikayət əsasında başlanan araşdırma nəticəsində rayon sakini Rasim Tapdıq oğlu Umudov və Goranboy rayon sakini Əli Ənvər oğlu Əliyev saxlanılıb. Tərtər RPŞ-in istintaq qrupunun rəhbəri Elvin Kərimovun sözlərinə görə, saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Məlum olub ki, onlar rayonun cəbhəyanı Qarağacı, Qapanlı, Əskipara və Qazyan kəndlərindən oğurladıqları naqilləri əridib, daxilindəki misi satıblar. Nəticədə dövlətə 1000 manat dəyərində maddi ziyan dəyib: "Subartezian quyularına gedən elektrik kabellərini Tərtər rayonunun Əskipara kənd sakini Umudov Rasim Tapdıq oğlu və Goranboy rayon sakini Əliyev Əli Ənvər oğlu bir qrup şəxs halında əlbir olaraq oğurlayıblar. Onlar oğurladıqları kabeli aparıb Tərtər şəhərində metal qəbul edən Ədalət adlı şəxsə yararsız hala salaraq, 1 kiloqramı 5 manata satıblar".
Faktla bağlı araşdırma aparılır.