Ermənilər: “Dözə bilmirik, belə getsə, sosial partlayış olacaq”
"Belə davam edə bilməz, Dağlıq Qarabağda vəziyyət dəyişməlidir". APA TV-nin məlumatına görə, bu fikirlər Ermənistan İctimai Televiziyasının saytında yerləşdirilən məqalədə yer alıb.
Məqalədə bildirilir ki, bu fikirlər artıq Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan sıravi ermənilərdən tez-tez eşidilir.
Erməni vətəndaşlar aprel ayında yaşananları bir də təkrar görmək, hiss etmək istəmirlər. Dağlıq Qarabağ erməniləri bildirir ki, söhbət müharibə mövzusuna keçən kimi hakimiyyət o dəqiqə birlikdən, torpaqları qorumaqdan dəm vurur. Amma başqa vaxt sadə vətəndaşlar hakimiyyətdə əyləşənlərlə müqayisədə bu bərabərliyi görmürlər. Onlar bunun apreldəki gərginlikdən sonra da şahidi olduqlarını bildiriblər.
"Dağlıq Qarabağda istehsal olunan nə varsa, hamısı bir-iki nəfərin nəzarətindədir. Xalqa burdan heç nə çatmır. Onlar bütün əkin üçün yararlı torpaqları da zəbt ediblər", - deyə erməni vətəndaşlar reportaj hazırlayan jurnalistlərə bildiriblər.
Onlar əlavə ediblər ki, bir parça torpağı olan kəndlinin sahəsini sulaması belə mümkün deyil. Çünki suvarma sistemləri də kimlərinsə nəzarətindədir. "Onları həmin kəndlilərin ailələrinin acından ölməsi belə maraqlandırmır". SİTATIN SONU.
Dördgünlük müharibədən sonra Dağlıq Qarabağda yaşayan ermənilər onlarda psixoloji inqilab baş verdiyini dilə gətirirlər. Separatçı rejimin keçmiş döyüşçüsü olan bir erməni artıq belə hallara dözə bilmədiklərini və baş verənlərin sosial partlayışa səbəb olacağını qeyd edib.
"Biz bezmişik, yorulmuşuq, bu vəziyyətə artıq dözə bilmirik, kimlərə görə isə sağlamlığımızı, ailəmizi itirmək istəmirik. Bunun qarşılığını da bizə verən yoxdur. Sadə vətəndaş niyə hakimiyyətdə ağalıq edən şəxslərin var-dövlətini qorumalıdır ki?"
Kiçik sahibkarlıqla məşğul olan bir erməni işğaldakı ərazilərimizə 8-9 aydır un gətirilməsinə qadağa qoyulduğunu deyib. O bunu separatçı rejimin monopolist siyasəti ilə əlaqələndirir.
"Bizim Qarabağdakı taxıl zəmilərinin kimə və yaxud kimlərə məxsus olmasından xəbərimiz belə yoxdur. Unun gətirilməsinə necə qadağa qoyula bilər? Xalqı acından öldürmək istəyirlər?"
O sahibi olduğu mağazanın da əlindən hər an alına biləcəyini vurğulayıb.
Xankəndinin sakinləri isə mobil operator şirkətlərinin qiymətlərinin bahalığından şikayətçidirlər. Onlar bildirirlər ki, müharibə şəraitində yaşadıqları üçün başqa yerlərə tez-tez zəng etməyə məcburdurlar. Bu isə onların onsuz da az olan büdcəsinə mənfi təsir edir.