Bakıda XV Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

Bakıda XV Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika ("TransCaspian 2016") və VI Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road & Traffic 2016") sərgiləri işə başlayıb.

 

APA TV-nin xəbərinə görə, sərginin açılışında çıxış edən nəqliyyat naziri Ziya Məmmədov son illər ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyindən söz açıb.

 

Nazir bildirib ki, Azərbaycanda bu qəbildən olan irimiqyaslı tədbirlərin təşkili strateji coğrafi mövqedə yerləşən ölkəmizin dünya nəqliyyat şəbəkəsinin ayrılmaz tərkib-hissəsi olduğundan xəbər verir. Hazırda Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə region üçün son dərəcə önəmli bir sıra nəqliyyat layihələri icra olunur.

 

Qeyd edək ki, builki sərgi zamanı nəqliyyat sahəsində ixtisaslaşan yerli və xarici şirkətlərin avtomobil və dəmiryolu infrastrukturu, dənizçilik, eləcə də aviasiya sahələrinə aid müasir texnologiya və avadanlıqları ziyarətçilərə təqdim olunub. "Road&Traffic 2016" sərgisinə gəlincə, burada əsasən yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi və ictimai nəqliyyat infrastrukturu üzrə nümunələr, ölkəmiz də daxil olmaqla, Türkiyə, Rusiya, ABŞ, Fransa, Danimarka, Çexiya, Niderland Krallığını təmsil edən şirkətlərin məhsul və xidmətləri sərgilənib. Sərgi iştirakçılarından Rusiyanın "Tver Maşınqayırma Zavodu" ASC-nin nümayəndəsi Natalya Maqerya təmsil etdiyi şirkətlə ölkəmiz arasında uğurlu ticarət əlaqələrinin mövcudluğunu deyir: "Təmsil etdiyim şirkətin Azərbaycanla çox uğurlu biznes əlaqələri var. Bildiyiniz kimi, bizim zavodumuz müqavilə əsasında paytaxtınızın metro şəbəkəsini müasir tipli sərnişin vaqonları ilə təchiz edir. Biz məhsuldar ticari əlaqələrin hələ uzun müddət davam edəcəyinə ümid edirik".

 

Qeyd edək ki, 13 may tarixinədək davam edəcək sərginin gedişində iştirakçı şirkət və müəssisələrin ziyarətçilərə, xüsusilə də iş adamlarına yol, körpü və tunel layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, yol monitorları, nəqliyyatı intellektual idarəetmə sistemləri, sərnişin nəqliyyatı və digər sahələr üzrə xidmətlərini təklif edəcəyi, habelə yerli və əcnəbi iş adamları arasında yeni biznes münasibətlərinin qurulacağı gözlənilir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov