Xarici hərbi attaşelər cəbhə xəttində oldular

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhənin Tərtər rayonu istiqamətində səfəri təşkil olunub.

 

APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan səfər Ermənistan Silahı Qüvvələrinin Əskipara kəndinə fosfor təyinatlı hərbi sursat atması faktı ilə bağlı olub.

 

11 ölkədən 20-dək hərbi mütəxəssis, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler Tərtər rayonunun Əskipara kəndində ermənilərin atdığı və istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerə baxış keçiriblər. Onlar dünyada istifadəsi qadağan olunmuş top mərmisini öz gözləri ilə görüblər. Bununla da aprelin sonunda cəbhədə yaranmış gərginlik zamanı erməni hərbi birləşmələrinin dinc əhali hədəf alması və kütləvi qırğın üçün nəzərdə tutulmuş silahlardan istifadə etməsi təsdiqini tapıb.

 

Bildirilib ki, ağ fosforlu top mərmisi günəş işığında alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır. Silahın istifadəsi dünyada qadağan olub. Dinc əhaliyə qarşı istifadə olunması isə xüsusilə qəbuledilməz hesab olunur.

 

XİN-in mətbuat katibi Hikmət Hacıyev anti-humanist addımı ilə bağlı fikirlərini açıqlayıb: "Ermənistan Respublikası beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq, mülki Azərbaycan əhalisini ağır artilleriya silahlarından atəşə tutmaqda davam edir. Xüsusilə 27-28 aprel tarixlərində bu əməliyyatlar həyata keçirildi. Ermənistan tərəfindən beynəlxalq konvensiyalarla qadağan olunmuş, əhaliyə qarşı qəbuledilməz olan ağ fosfor mənşəli top mərmilərindən də istifadə edildi. Bu kimi silahları Ermənistan Respublikası Tərtər rayonunun Əskipara kəndində kütləvi şəkildə mülki əhalinin yaşadığını bildiyi halda istifadə etdi".

 

Ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar haqqında artıq dünya ictimaiyyəti də məlumatlıdır. Hərbi mütəxəssislər baxış keçirdikdən sonra təhlükəli top mərmisi ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirildi.

Müəllif | Apa.Tv
Apa.tv