Gəncədə iki dəhşətli qəza: 2 ölü, 4 yaralı

Gəncə şəhərində ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

 

“Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü Eldar Mahmudov və sərnişini, 58 yaşlı Fikrət Kərimov hadisə yerində ölüblər. Digər sərnişin, 53 yaşlı İradə Həsənova isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildən meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Başqa bir yol nəqliyyat qəzası isə Gəncənin şərq çıxacağında, avtovağzalın yaxınlığında qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan “Mercedes Vito” ilə “Hyunday” markalı avtomobillər toqquşduqdan sonra “Mercedes” yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı Goranboy rayon sakinləri - 23 yaşlı Oktay İbrahimli və 28 yaşlı Elvin Ağayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır, digərin isə orta ağır olduğu bildirilir. Qəza zamanı yüngül xəsarət alan 38 yaşlı Vüqar Qurbanova isə ambulator yardım göstərilib.

 

Hər iki fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv