Prezident: “Özəl sektordakı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur”
“Biz Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışırıq”. APA TV xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra Azərbaycan çox yoxsul vəziyyətdə idi, vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi: “Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi”.
Prezident məlumat verib ki, 1996-cı ildən etibarən ölkədə iqtisadi artım dövrü başlayıb. Ən surətli artım 2000-ci ilin ortalarında olub. Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi: “Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi. Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik”.
Yol infrastrukturundan danışan dövlət başçısı minlərlə kilometr, bəlkə də, on min kilometrdən artıq yollar çəkildiyini söyləyib. Prezident bəyan edib ki, Azərbaycan xarici investorlar üçün daha cəlbedici olmalıdır: “Bu səbəbdən hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır. Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub”.
Prezident İlham Əliyev məlumat verib ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir.