Azərbaycanda Qafqazın çay üzərində ən nəhəng körpüsü inşa edildi
Qafqazda çay üzərində salınan ən uzun aşırımlı asma körpünün tikintisi başa çatıb. Tikintisi davam etdirilən Ələt-Astara avtomobil yolu istiqamətində salınan dəmir-beton monolitli körpü Salyan ərazisində Kür çayının üzərində yerləşir.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyindəki körpü I dərəcəli Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisində Kür çayı ilə kəsişən yerdə inşa edilib.
Körpünün tikintisi “Azəravtoyol” ASC-nin sifarişi ilə həyata keçirilib. Almaniyanın “Koks” (Kocks Consult GmbH) şirkəti layihə üzrə məsləhətçi qismində çıxış edib. Tikinti Dünya Bankının maliyyə dəstəyi ilə reallaşıb.
Körpünü mövcud parametrlərlə Qafqazda çay üzərində tikilən ilk nəhəng mühəndis qurğusu saymaq olar. Körpünün aşırım qurğusu sonradan gərginləşdirilən monolit dəmir beton tirlərdən ibarətdir. Körpünün aşırım hissəsi simmetrik şəkildə davam edən 5 aşırımdan ibarət olmaqla uzunluğu 351 metrdir. Körpünün III aşırımı (orta aşırım) çay üzərində yerləşməklə, uzunluğu 151 metrdir. Bu hissədə aşırım, əlavə olaraq tağvari metal konstruksiyadan kanatlar vasitəsilə asılıb. Körpünün eni 4 gediş zolağı olmaqla 29,74 metr və hər zolağın eni 3,75 metr, ayırıcı zolağın eni 4,14 metr və səkinin eni 1,30 metrdir. Çay üzərində körpünün səviyyəsi 15 metr hündürlükdədir. Körpü tam işıqlandırma sistemi və iki gözətçi məntəqəsi ilə təchiz olunub. Ələt-Astara magistralının tikintisi yekunlaşdıqdan sonra körpüdə tamamlama işləri asfalt örtüyün salınması ilə tam yekunlaşacaq. Tikintiyə 2011-ci ilin fevral ayında start verilib.