Qonşunun evindən oğurladığı qızılları toyuq hinində gizlətdi
Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, Hövsanda qonşusunun evindən oğurluq etməkdə şübhəli bilinən 21 yaşlı Rafiq Rzayev Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
“Qum adası” yaşayış massivində yaşayan Emin Bünyatovun şikayəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qonşu Rafiqi də dindiriblər. O, dindirmə zamanı törətdiyi əməli etiraf edib: “Hasardan tullandım, pəncərədən içəri girdim. Otaqlara bir-bir baxdım, yuxarı mərtəbədən götürdüm. Dedim ki, tutulsam verərəm, tutulmasam sataram. Məqsədim bu idi”.
30-cu PB-nin rəis müavini Məhəmməd Qarayevin sözlərinə görə, Rafiq Rzayev qonşusunun evindən qızıl-zinət əşyalarını oğurladığını bildirib. O, oğurladığı əşyaları gizlətmək üçün çox az adamın ağlına gələ biləcək yeri seçib: “Dərhal əməliyyat qrupu hadisə yerində olub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, qonşuluqda yaşayan Rafiq Xankişi oğlu Rzayev saxlanılaraq bölməyə gətirilib. O, ilkin ifadəsində əməlini etiraf edib. Qızıl-zinət əşyaları onun yaşadığı evin həyətində quşların saxlanc yerindən tərəfimizdən götürülərək, istintaq şöbəsinə təhvil verilib”.
Rafiq Rzayev yaşadığı yaşayış massivində daha bir neçə qonşunun da evindən oğurluq etdiyini etiraf edib. O, həmin evlərdən pul və tikintidə istifadə olunan avadanlıqları götürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.