Qaradağda iki yük maşını toqquşdu: sürücü maşında sıxışıb qaldı

Bakı Dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, “Ford” markalı kiçik tutumlu yük maşını ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini xəsarət alıb.

 

“Ford”un ayağından xəsarət alan sürücüsü avtomobili dayandırmaq üçün onu arakəsməyə çırpıb. Zərbədən avtomobil deformasiyaya uğrayıb və yaralı sürücü sükan arxasında sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar yaralı sürücünü avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. Məlum olub ki, qəzaya kartof daşıyan “Ford” markalı avtomobilin sürücüsü səbəb olub. Qeyd edək ki, qəzaya uğrayan “KamAZ” mişar daşı ilə yüklü olub.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv