Gürcüstan prezidenti: "Biz NATO-ya üzv olacağıq"
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkəsinin NATO-ya sürətli inteqrasiya etməsi ilə bağlı məsələyə münasibət bildirib.
APA TV-nin Gürcüstan mənbələrinə istinadən məlumatına görə, o, Şimali Atlantika alyansına üzv olacaqlarından şübhə etmədiyini deyib.
"Hazırda hərbi ittifaqla Gürcüstanda keçirilən təlimlər məqsədyönlü və düzgün siyasətimizin nəticəsidir. Biz NATO-ya üz olmaq üçün bu yolu seçmişik. Biz hər zaman demişik ki, Gürcüstan NATO-nun tərkibində, NATO isə Gürcüstan ərazisində olmalıdır. İndi biz yolu ölkəmizdə davam etdiririk", - deyə Marqvelaşvili Vazian hərbi bazasında Gürcüstan-NATO hərbi təlimlərinin başlaması münasibətilə keçirilən mərasimdə bildirib.
Xatırladaq ki, artıq Noble Partner təlimləri start götürüb və Gürcüstana ABŞ istehsalı olan M1A2 Abrams tankları və M2 Bradley tipli döyüş maşınları gətirilib. Gürcüstan isə təlimlərdə T-72 və BMP-2 hərbi texnikaları ilə qatılıb. Təlimlərdə NATO-nun 1300 hərbçisi, o cümlədən ABŞ-dan 650, Böyük Britaniyadan isə 150 nəfər iştirak edir.