Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər

“Baş verən son zorakılıqla əlaqədar təmas xəttində gərginliyin azaldılması zərurətindən çıxış edərək inanırıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin vaxtı yetişib. Bizim xarici işlər nazirləri gələn həftə Vyanada bu görüşə təkan verməyə hazırdırlar. Onların əsas məqsədləri atəşkəs rejiminin qorunması və baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsi üçün münbit şərait yaradacaq etimad quruculuğu tədbirlərinə nail olmaqdır”.


APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun birgə bəyanatında deyilir.


Bəyanatın sonunda bildirilir ki, zorakılıq davam etdiyi müddətdə uğur əldə edilə bilməz və danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkün  deyil: “Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər”.

 

Bu arada Rusiyanın “İnterfaks” agentliyi diplomatik mənbələrə istinadən Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-na Vyanada görüşəcəkləri barədə məlumat yayıb.

Müəllif | Apa.Tv
Apa.tv