Bakıda növbəti "Yaşıl dağ" aksiyası
IDEA İctimai Birliyi, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən və "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində reallaşan "Yaşıl dağ" aksiyasına paytaxtın Nərimanov rayonunda yerləşən məktəblər də aktiv şəkildə dəstək olur.
APA TV-nin xəbərinə görə, bu məqsədlə rayondakı ümumtəhsil müəssisələrinin şagirdləri tərəfindən toplanan kağız tullantıları 178 nömrəli məktəbin yerləşdiyi əraziyə gətirilib, məhz buradan aidiyyəti üzrə təhvil veriləcək. Məktəb rəhbərliyinin bildirdiyinə görə, onların təşəbbüsü ilə Nərimanov məktəbliləri tərəfindən 1 tona yaxın kağız tullantısı toplanıb. Direktor fürsətdən istifadə edib digər rayonları da təbiətin qorunmasına töhfə verməyə çağırır: "Yaşıl dağ" aksiyasına nəinki bizim məktəb, Nərimanov rayonunda yerləşən 20 məktəbin hamısı qoşulub. Biz məktəblər üzrə təşkilatçılıq funksiyasını öz boynumuza götürərək, hazırda öz uşaqlarımız da 500 kiloqramdan artıq tullantı kağızları - kartondur, qəzet tullantılarıdır, jurnallardır - bunları yığıb, "ASAN Xidmət"ə təhvil verəcəyik".
Aksiyada fəal şəkildə iştirak edən şagirdlər bundan məmnun görünürdü. Axı yaşlarının az olmasına baxmayaraq, onlar təbiətin qorunmasına dəstək olurdular.
Məhərrəm Hüseynov, şagird: "Biz bu aksiya yolu ilə təbiətimizi ağacların kəsilməsindən qoruyuruq. Biz istəmirik ki, təbiətimiz korlansın. Biz emalda olmayan kağızları yenidən emala verərək istifadə edirik və beləliklə, ağacımız, təbiətimiz qorunur".
Aysel Niftəliyeva, şagird: "Mən bu aksiyadan olduqca razıyam. Çünki bu aksiya həm təbiətə, həm xalqımıza, həm də biz şagirdlər üçün olduqca xeyirlidir. Mən bütün məktəbliləri bu aksiyaya çağırır və onların fəal dəstək olmasını istəyirəm".
Şagirdlərin həvəslə topladıqları kağız tullantıları əvvəlcədən xüsusi kisələrə yığıldığından, şagirdlər tərəfindən əraziyə gətirilən maşınlara yüklənib. Təşkilatçılar bu tullantıların öncədən müəyyənləşdirilən təyinat nöqtəsinə çatdırılacağını bildirib.
“ASAN Xidmət”in İnformasiya Təminatı Şöbəsinin müdiri Anar Hüseynov bundan sonra da təbiətin qorunması naminə keçiriləcək analoji tədbirlərə dəstək olacaqlarını deyib: "ASAN Xidmət" tərəfdaş qurumlarla artıq bu günə kimi Sumqayıt şəhərində, Sabirabad və Bərdədə "Yaşıl dağ" aksiyası keçirib və son bir il ərzində bu layihə çərçivəsində 250 tondan çox kağız tullantısı toplanıb. İndi bir çox insan da ətraf mühitin mühafizəsinə öz töhfəsini vermək və nümayiş etdirmək istəyib. Biz də əlbəttə ki, öz fəaliyyətimizi xidmət sahələri ilə məhdudlaşdırmırıq, həmçinin müxtəlif sosial yönümlü aksiyaların da keçirilməsini qarşımıza bir məqsəd olaraq müəyyənləşdirmişik".
"ASAN Xidmət" rəsmisi onu da qeyd edib ki, regionlardan başlayan "Yaşıl dağ" aksiyası mayın 14-də xidmətin 5 saylı mərkəzində keçiriləcək. Bu xoşməramlı təşəbbüsə qoşulmaq istəyən hər kəs kağız tullantılarını həmin tarixdə Heydər Əliyev prospekti 115 ünvanına gətirib təhvil verə bilər.