Tərtərdə şəhid Nicat İsgəndərovun medalı atasına təqdim olundu

Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan Nicat Bəhruz oğlu İsgəndərova ölümündən sonra verilən “İgidliyə gorə” medalı atasına təqdim olunub.

 

APA TV-nın Qarabağ müxbirinin xəbərinə görə, bu münasibətlə Tərtər şəhər mərkəzi meydanında təşkil olunan tədbirdə şəhid Nicat İsgəndərovun ailəsi, döyüşçü dostu, MN-in nümayəndəsi, Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Qeyd olunub ki, 1989-cu ildə Tərtər şəhərində anada olan Nicat ailənin yeganə oğul övladı olub. O, müddətdən artıq hərbi xidmətdə olarkən qoşunların təmas xəttinin Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun iştirakçısı olduğu döyüşlər nəticəsində erməni işğalında olan Lələtəpə yüksəkliyi erməni hərbi birləşmələrindən geri alınıb.

 

Şəhidin atası Bəhruz İsgəndərov oğlu ilə fəxr etdiyini bildirib: "Müharibə universitetdir, institutdur. Düzdür, qorxuludur. Amma biz içimizdəki qorxunu rədd etməliyik. Demirəm gedin şəhid olun, deyirəm ki, gedin öldürün, qalib olun gəlin. Mənim oğlumun telefonunda onun komandirinə bir mesajı qalıb. Komandir soruşub ki, Nicat, hara gedirsən? Deyib ki, gedirəm öldürüb gələm bu cəngavərlərlə. O, yanındakı döyüşçü dostlarını nəzərdə tutub. Düşməni məhv etmək lazımdır, qorxmaq lazım deyil".

Müəllif | Apa.Tv
Apa.tv