Jirayr Sefilyan: "Aprel müharibəsində 3 günə 7 milyon kvadrat metr ərazi itirdik"
"Dörd günlük aprel müharibəsi zamanı erməni tərəfi mövqe itkilərinə məruz qalıb və biz ciddi problemlərlə qarşılaşa bilərik". APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu fikirləri "Şuşanın Xilaskar Döyüşçüləri Batalyonu" şurasının sədri Jirayr Sefilyan səsləndirib.
Onun sözlərinə görə, təkcə təmas xəttinin şimal-şərq hissəsində itirilən ərazilərin miqyası 7 milyon kvadrat metr təşkil edir. O bildirib ki, bu dövr ərzində itirilmiş mövqelərin geri qaytarılması istiqamətində bir sıra çağırışlar səslənsə də, hakimiyyət onları qulaqardına vurub: "Mövcud rejim bu çağırışlara məhəl qoymayaraq, itirilən mövqelərin heç bir strateji mövqeyə malik olmadığını və söhbətin yalnız 100-200 metrdən getdiyini bildirib. Lakin bu, yalandır. Çünki faktiki itkilərin miqyası daha genişdir. Hakimiyyət xalqa həqiqəti deməlidir".
J.Sefilyanın sözlərinə görə, rejimin ləng hərəkət etməsi və heç bir addım atmaması bütün itkilərin mənasız olması ilə nəticələnib: "Azərbaycan bizə çıxış yolu qoymayıb. Biz səfərbərlik elan etməliyik. Bundan əlavə, etimad hökuməti yaradılmalıdır. Əgər hakimiyyət bu yola getməsə, bu dəfə onları addımlar atmağa xalq məcbur edəcək".
O, həmçinin deyib ki, Ermənistanın bundan başqa şansı olmaya bilər. Jirayr Sefilyan hesab edir ki, yalnız səfərbərlik əmrinin verilməsi tarixin təkrarlanmasının qarşısını ala biləcək mexanizm olacaq. Lakin hakimiyyət bu məsələdə tələsmir: "Yaxın vaxtlarda bizə daha irihəcmli zərbələr endiriləcək. 2-5 aprel tarixində baş verənlər yalnız başlanğıc idi. Azərbaycan yeni addımlara hazırlaşır. Elə buna görə də bütün insan resursları və hərbi arsenalımızı səfərbər etməliyik".