Azad Rəhimov: "İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yeni idman arenası inşa olunmayacaq"
“IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar heç bir yeni idman arenası inşa olunmayacaq”. APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı 16 idman qurğusundan istifadə olunacaq: “I Avropa Oyunları zamanı istifadə olunmayan “Sərhədçi” kompleksindən, Tennis Akademiyasından, Şüvəlandakı ağır atletika mərkəzindən, “Dalğa “və “Bakcell Arena” stadionlarından IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə olunacaq”.
Nazir qeyd edib ki, oyunlara 8 minə yaxın könüllü cəlb olunacaq. O, IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançının 20 idman növündə mübarizə aparacağımı deyib.
IV İslam Həmrəyliyi Oyunlarının biletləri 4 ay öncədən satışa çıxarılacaq. Nazir deyib ki, biletlər bütün idman qurğularında satılacaq: "Amma nə qədər biletin satışa çıxarılacağını deyə bilmərəm".
Azad Rəhimov əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə əlaqədar bu gün keçiriləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib. Nazir xatırladıb ki, aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş verən döyüşlərdə hərbçilərimiz şəhid olub. “Başa düşürük ki, aprel ayının əvvəllərində cəbhədə nə olub. Ailələrimiz şəhid verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq” - deyə o qeyd edib.
Nazir bildirib ki, Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisi ilə əlaqədar həmin ərazilərdə yaşayan paytaxt sakinləri evlərini icarəyə verməklə əlavə maliyyə vəsaiti qazana bilərlər: “Şəxsən mən Monakoda Formula-1 Avropa Qran Prisini eyvandan izləmişəm. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.
Qeyd edək ki, bu gün 12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib. Tədbirdə bildirilib ki, azərbaycanlı dizaynerlərin hazırladığı loqo İslam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirir. Yeni Bakı 2017 brendində əsas mövzu müsəlman dövlətlərinin əksəriyyətinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviridir.