AŞPA müşahidə missiyasının rəhbəri məntəqə sədrini sorğu-suala tutdu
Avropa Şurası Parlament Assableyasının (AŞPA) müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən prezident seçkilərini izləyir. APA TV-nin xəbərinə görə, missiyanın rəhbəri, İngiltərə parlamentinin üzvü Robert Valter öncə 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasının 12 saylı məntəqəsində olub. R. Valter məntəqədə açılış prosesini izləyib, məntəqə komissiyasının sədrinə suallar ünvanlayıb.
AŞPA müşahidə missiyasının rəhbəri daha sonra dairənin 14, 9 və 10 saylı məntəqələrində olub. R. Valter bu məntəqələrdə də prosesin müşahidə edib, veb-kameraların olub-olmaması, seçkilərin təşkili, hazırlıq prosesi ilə maraqlanıb.
AŞPA missiyasının rəhbəri müşahidələri ilə bağlı jurnalistlərə açıqlama verib: "Məntəqələrdə hər şey qaydasındadır, hələlik heç bir problemlə rastlaşmayıblar. Müşahidənin nəticələri seçkilər başa çatandan sonra yayacağımız bəyanatda öz əksini tapacaq".
Bu gün həmçinin ATƏT Parlament Assableyasının müşahidə missiyası da səsvermə prosesini izləyib.
Missiyasının rəhbəri xanım Dorris Barnett seçicilərin aktivliyindən məmnun olduqlarını vurğulayıb: "Bakıda və Sumqayıtda 7 seçki məntəqəsini ziyarət etdik. Təşkilatçılığın səviyyəsi bizim gözlədiyimiz qədər idi. Şadam ki, bu qədər insan öz seçki hüququndan istifadə edir. Bu cür aktivlik həm Bakıda, həm də Sumqayıtda müşahidə olunub".
Dorris Barnett monitorinq nəticələri və qeydə alınmış nöqsanlar barədə suala cavab olaraq bildirib ki, hazırda heç nə deyə bilməz və proses başa çatanda bir araya yığışıb həmkarları ilə birlikdə yekun bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, ATƏT PA-nın müşahidə missiyası 24 nəfərdən ibarətdir.