Prezident İlham Əliyev Ramazan Abdulatipovu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı ilk növbədə öz adından və bütün Azərbaycan xalqı adından görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsinə şəxsən R.Abdulatipov və qardaş Dağıstan xalqı tərəfindən göstərilən hörmətə görə minnətdarlığını bildirib.
Dünən Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bu təntənəli mərasimdə ölkəmizin böyük nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb. Dövlət başçısı mərasimdə R.Abdulatipovun çıxışı zamanı onun Heydər Əliyev, Əziz Əliyev və Azərbaycan prezidenti haqqında dediyi xoş və səmimi sözlərə görə təşəkkürünü bildirib. Əziz Əliyevin Azərbaycanın, Dağıstanın görkəmli dövlət xadimi olduğunu qeyd edən prezident İlham Əliyev bir ölkə başçısı, eyni zamanda Əziz Əliyevin nəvəsi kimi dağıstanlıların onu daim yaddaşlarında saxlamalarının, xatirəsinə hörmətlə yanaşmalarının, Dağıstanın inkişafı və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin onun üçün ikiqat xoş olduğunu deyib.
Dağıstan Respublikası başçısının “Əziz Əliyev və Dağıstan” adlı kitaba müəlliflik etməsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev bu kitabın yazılmasına vaxt tapdığına və orada Əziz Əliyev haqqında ifadə olunan xoş sözlərə görə, Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fəaliyyətin işıqlandırılmasına görə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir. Prezident İlham Əliyev Ramazan Abdulatipovun rəhbərliyi ilə Dağıstanda bu gün həyata keçirilən inkişaf proseslərinin, mövcud sabit ictimai-siyasi vəziyyətin Azərbaycanda böyük məmnunluq hissi doğurduğunu qeyd edib və əldə edilən böyük uğurlar münasibətilə təbriklərini çatdırıb.
Xoş sözlərdən məmnun olduğunu bildirən R. Abdulatipov ilk növbədə Dağıstanla əməkdaşlıq məsələlərinə göstərdiyi diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.