Bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirlərinə başlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 9-dan ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayıb.

 

Heyvanlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST-OİE və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan "Rev-1" göz damcısı vaksini ilə peyvənd olunur.

 

APA TV-nin əməkdaşları Sabirabad və Saatlı rayonlarında yerli baytarlıq xidmətinin əməkdaşlarının təsərrüfatlarda bruselyoz xəstəliyinə qarşı vaksinasiya prosesini izləyiblər. Artıq bir neçə gündür ki, Sabirabad və Saatlı rayonlarında vaksinasiya işlərinə start verilib.

 

Vaksinasiya xırdabuynuzlu heyvanlar arasında aparılır. Sabirabad rayonu ərazisində 210 mindən çox xırdabuynuzlu heyvan arasında aparılacaq vaksinasiya yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq olunur. Eyni zamanda təlimata uyğun olaraq baytarlıq xidmətinin əməkdaşları heyvanlardan qan nümunələri götürərək, Sabirabad rayonunda yerləşən regional laboratoriyada müayinəyə göndərir.   Hər hansı heyvanda xəstəlik aşkar edilərsə, əlavə tədbirlər görülməklə xəstəliyin digər heyvanlara keçməsinin qarşısı alınır.

 

Bruselyoz xəstəliyinə qarşı aparılan vaksinasiyanın məqsədi xəstəliyin heyvanlar və insanlar arasında minimuma endirilərək gələcəkdə ləğv edilməsinə nail olmaqdır. Göz damcısı formasında peyvəndləmə heyvanlarda bruselyoz xəstəliyinə qarşı 4-5 il müddətinə immunitet yaradır, eyni zamanda boğaz heyvanlarda balasalma riskini minimuma endirir.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti hazırlanmış tədbirlər planına uyğun olaraq xırdabuynuzlu heyvanlar arasında peyvəndləmənin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə təlimlər keçib, vaksinin tətbiq qaydaları onlara ətraflı izah edilib. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri "Rev-1" vaksini, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə tam təmin olunub.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı