Şəmkirdə silah alverçiləri tutuldu

Şəmkirdə silah alveri ilə məşğul olan 3 nəfər Gədəbəy sakini saxlanılıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini 22 Qabil Məmmədcəfərov və onun həmyerlisi, 25 yaşlı Niyaməddin Hüseynov saxlanılıb. Onlar “Makarov” markalı tapançanı 29 ədəd patron və 2 ədəd patron darağı ilə birlikdə satarkən ələ keçiblər.

 

Niyaməddin Hüseynov ifadəsində deyib ki, Qabil Məmmədcəfərov ona odlu silah olması barədə məlumat verib və silahı satmaq üçün müştəri tapmasını xahiş edib. Niyaməddin Hüseynov isə öz növbəsində Şəmkir rayonunda alıcı tapıb: "Qabil mənə dedi ki, silah var, müştəri tap sataq. Mən də əsgər yoldaşıma zəng etdim. O, isə müştəri olduğunu dedi. Biz də Şəmkirə gətirib satmaq istəyərkən saxlanıldıq".

 

Qabil Məmmədcəfərov Niyaməddin Hüseynovun dediklərini təsdiqləyib. O bildirib ki, odlu silahı satış məqsədilə 26 yaşlı həmyerlisi Bahadur Abdullayevdən alıb: "Silahı Bahadurdan 150 manata aldım. 100 manatını vermişdim. 50 manat da verəcəkdim. 500 manata satmalıydıq. Onun 300-ü mənə, 200-ü isə Niyaməddinə çatacaqdı. Satmaq istəyərkən tutulduq".

 

Polisin keçirdiyi digər bir əməliyyatla Bahadur Abdullayev də saxlanılıb. O, "Makarov" tipli tapançanı həmyerlisi Qabil Məmmədcəfərova Gədəbəy rayonu ərazisində satdığını etiraf edib: "Rayonun mərkəzində Qabilə dedim silah var, satmaq istəyirəm. O, isə almaq istədiyini bildirdi. 150 manata ona satdım".

 

Odlu silah ekspertizaya təqdim olunub və döyüş üçün tam yararlı olduğu müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli