Tərtərdə ermənilərin atdığı daha bir partlamamış top mərmisi tapıldı
Tərtərin Qazyan kəndində partlamamış top mərmisi aşkar edilib.
APA TV-nin məlumatına görə, bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 12-də Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.
Hesabata əsasən, mayın 12-də 8 ev və həyətyanı sahədə, 8 otlaq sahəsi daxil olmaqla 24 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb. Partlamamış top mərmisi Tərtər rayonunun Qazyan kəndində aşkarlanıb. Gün ərzində 40 378 kv. m ərazi təmizlənib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.