Masazırda saxlanılan iki şübhəlinin üstündən narkotik çıxdı
Abşeron polisi Masazır qəsəbəsində üzərində narkotik maddə olan iki şübhəli şəxsi saxlayıb.
APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları özünü şübhəli aparan Fazil Hüseynovun üzərinə baxış keçirən zaman bir kibrit qutusu narkotik vasitə olan marixuana aşkarlayıblar.
Dindirmə zamanı F.Hüseynov bildirib ki, bir neçə ildir narkotik vasitə qəbul edir. Marixuananı isə tanımadığı şəxsdən alıb: "İstifadə etmək üçün əldə etmişəm. Az vaxt olar ki, narkotik maddə qəbul edirəm. Satmağı planlaşdırmamışam. Əməlimdən də peşmanam".
Sumqayıt şəhər sakini Habil Həsənovu da Abşeron polisi Masazır qəsəbəsində saxlayıb. Onda isə şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin aşkarlanıb. Polisə ifadəsi zamanı o, narkotik maddəni şəxsi istifadə üçün aldığını bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.