Goranboy sakini 3 kilo marixuana ilə Lerikdə yaxalandı
Lerik Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən rayon ərazisində narkotik vasitəni satmağa cəhd edən şəxs zərərsizləşdirilib.
Lerik RPŞ-nin baş müstəntiqi Zeynal Allahverdiyevin APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, Goranboy rayonunun Goranlı kənd sakini, 51 yaşlı Balabəy Sultan oğlu Məmmədov şöbə əməkdaşları tərəfindən Lerik şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb: "Şöbədə saxlanılan şəxsin əlindəki bağlamaya baxış keçirilərkən oradan ümumi çəkisi 3 kiloqram 20 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülüb. İlkin ifadəsində Balabəy Məmmədov narkotik maddəni Şəmkir rayonu ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdiyini və onu Lerik rayonunda satmaq niyyətində olduğunu bildirib".
Faktla bağlı Lerik RPŞ-də Cinayət Məcəlləsinin 334.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.