Ermənilərin kimyəvi silahlardan istifadə etməsi ilə bağlı cinayət işi açıldı

Ermənilərin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə cinayət işi başlanıb.

 

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən APA ya  verilən məlumata görə, xəbər verildiyi kimi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunmuş və həmin mərmi 11 may 2016-cı ildə Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib. Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin kimyəvi tərkibli top mərmisi atdığı əraziyə baxış keçirib.

 

İlkin araşdırma zamanı müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir.

 

Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv