Ermənistan Müdafiə Nazirliyinin bölmə rəisi həbs edildi
Ermənistan ordusunun yüksək rütbəli zabiti səhlənkarlıq səbəbindən həbs olunub. APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi yüksək hərbi vəzifəli şəxsə qarşı cinayət işi qaldırıb.
Sözügedən cinayət işinin istintaqı çərçivəsində mayın 11-də Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin Nəqliyyat Bölməsinin rəisi, polkovnik David Abraamyan tutulub. Hazırda istintaq sirri olduğundan işin təfərrüatları barəsində məlumat verilmir.
Qeyd edək ki, bir neçə gün öncə, 26 aprel tarixində prezident Serj Sarkisyanın sərəncamı ilə aralarında müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat İdarəsinin rəisi Alik Mirzabekyan, Silahlı Qüvvələr Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi Arşak Karapetyan, o cümlədən Ordunun Rabitə və Avtomatik İdarəetmə Sistemləri İdarəsinin rəisi Komitas Muradyanın da olduğu bir sıra yüksək rütbəli hərbi qulluqçusu orduda xidmətdən kənarlaşdırılıb.