Belarus "Qazprom"a olan borcundan imtina etdi
Belarus ölkəyə idxal olunan təbii qaza görə Rusiya Federasiyasına borclu olduğunu qəbul etmir.
APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, bu barədə Belarus-Rusiya Federasiyası İttifaqı Nazirlər Şurasının iclasından öncə Belarusun Energetika naziri Vladimir Potupçik jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, hazırda ölkəsinin Rusiya qarşısında heç bir borc öhdəliyi yoxdur və Belarus ödəmələri hökumətlərarası müqaviləyə uyğun olaraq həyata keçirməkdədir. Onun sözlərinə görə, tərəflər dövlətlərarası qaz anlaşmalarını fərqli tərzdə şərh edir. Rusiya tərəfi qiymətlərin özünəməxsus şəkildə tənzimlənməsini istədiyi halda, Belarus yanvarın 1-dən etibarən bərabər gəlirli bazar qiymətlərinin tətbiq olunmasının tərəfdarıdır. Öz növbəsində Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, onun ölkəsi əvvəlki kimi Belarusun idxal etdiyi qaza görə borclu olduğunu hesab edir.
A.Novak həmçinin ehtimal olunan borc məbləğinin son dörd ay ərzində 125 milyon dollar həddini keçdiyini də bildirib. May ayının əvvəlində səhm paketi bütövlükdə "Qazprom" şirkətinə məxsus olan "Qazprom Transqaz Belarus" ASC ölkədəki qaz təchizatçıları barəsində Belarus Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsinə müraciət edib. Şirkətdən verilən məlumata görə, ölkənin qaz təchizatçılarının ödəmələri vaxtına həyata keçirməməsi səbəbindən yaranan borclar səbəbindən şirkət öz maraqlarını qorumaq məcburiyyəti qarşısında belə bir addım atıb. Bir qədər öncə Belarus baş nazirinin müavini Vladimir Semaşko bildirib ki, ölkəsi Rusiya qazına görə "Qazprom Transqaz Belarus" ASC-nin tələb etdiyindən daha aşağı məbləğdə vəsait ödəməyə ümid edir.
O, deyib ki, ölkəsinin 1 yanvar 2016-cı il tarixindən Rusiyadan satdığı qazın qiymətini endirməyi tələb etmək hüququ var. Rusiya tərəfinin bildirdiyinə görə, cari ilin yanvarında hər iki ölkə rəsmiləri arasında bu məqsədlə aparılan danışıqlar nəticəsiz yekunlaşıb və tərəflər razılığa gələ bilməyib.
Qeyd edək ki, 2008-ci ildən etibarən Belarusa idxal olunan qazın qiyməti mavi yanacaq və mazutun dünya bazarındakı dəyərinə uyğun olaraq tənzimlənir və bu, 2013-cü ildə imzalanan hökumətlərarası müqavilədə də öz əksini tapıb.