Astarada dəhşətli qəza: 2 ölü, 6 yaralı

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb.

 

Əliyev Qabil Adil oğlunun idarə etdiyi “Ford” markalı 90 MJ 647 dövlət nömrə nişanlı sərnişin mikroavtobusunun 90 JF 588 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan iki sərnişin, Astara rayonunun Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva və 1981-ci il təvəllüdlü Ramin Quliyev ölüb.

 

Qəza zamanı xəsarət alan Ərçivan kənd sakinləri - 1992-ci il təvəllüdlü Turan Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, Şiyəkaran kənd sakini, 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Çayoba kənd sakini, 1957-ci il təvəllüd Məhərrəm Əliyev, 2003-cü il təvəllüdlü Maral Fərhadova və Qəcimarda kənd sakini Xudaşirin adlı şəxs Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər. Maral Fərhadova və Məhərrəm Əliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Qəzadan sonra yük maşınının sürücüsü, Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Vüsal Xudaverdiyev hadisə yerindən qaçıb. Lakin bir qədər sonra o, tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı Astara rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv