Azərbaycan prezidenti Bolqarıstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 13-də Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyev və baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib.

 

Əlaqələrimizin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlət başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib. Siyasi sahədə münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev ölkəmizin Bolqarıstanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Dövlət başçısı Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra olunduğunu vurğulayıb. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirib.

 

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlıq edib. Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri “Cənub Qaz Dəhlizi” layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, bu layihənin təkcə Azərbaycanla Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacağına əminliyini bildirib.

 

Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv