Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyəti Xaçmaza səfər edib
Azərbaycanda səfərdə olan Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə keçirilən Dağıstan mədəniyyəti günləri çərçivəsində Xaçmaz şəhərinə gəlib.
APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Çənlibel parkında qonaqları Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri qarşılayıb.
Nümayəndə heyətinin üzvləri Heydər Əliyevin, Zərifə Əliyevanın abidələrini ziyarət edib. Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstünü ziyarət edən qonaqlar onun adını daşıyan muzeydə həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Qardaş respublikanın nümayəndələri “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə baxıblar.
Şəhərlə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Dağıstanın tanınmış incəsənət nümayəndələrinin və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrı bu gün axşam saatlarında Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Ac həriflər” tamaşasını təqdim edəcək.