OPEK: Rusiyada gündəlik neft hasilatı 110 barel aşağı düşəcək
2016-cı ildə dünyada neftə olan gündəlik tələbat 1,2 milyon barel artaraq 94,18 milyon barelə çatacaq. APA TV-nin məlumatına görə, bu proqnoz OPEK-in may ayı üçün açıqladığı hesabatda öz əksini tapıb. Neftə tələbata dair proqnoz ötən ayla müqayisədə dəyişməz qalıb.
OPEK ekspertlərinin fikrincə, kartelə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 740 min barel azalaraq 56,4 milyon barel təşkil edəcək. Hasilatın səviyyəsi əsasən ABŞ-ın hesabına aşağı düşəcək. Bundan başqa Çin, Meksika, Britaniya, Qazaxıstan və Kolumbiyada da neft hsilatının bu il aşağı düşəcəyi gözlənilir.
OPEK 2016-cı ildə Rusiyada gündəlik neft hasilatının 110 min barel aşağı düşərək 10,83 milyon barel səviyyəsinə çatacağını gözləyir. Ötən ay kartel üzvləri hesab edirdi ki, Rusiyada neft hasilatı bu il gündəlik 10,94 milyon barel təşkil edə bilər.
Aprel ayında OPEK-ə üzv ölkələr gündəlik 32,44 milyon barel neft hasil ediblər. Bu, bir ay əvvəlki göstəricidən 190 min barel çoxdur.
OPEK həmçinin yaxın üç ildə dünya səviyyəsində iri neft şirkətlərinin geoloji kəşfiyyat işlərinə yatırdığı vəsaitin 40 milyard dollaradək azalacağını gözləyir. Bu rəqəm 2012-2014-cü illərdə geoloji kəşfiyyata ayrılan vəsaitdən təxminən iki dəfə azdır.