Hərbi Prokurorluq: Ermənilər təhvil verdikləri hərbçilərimizin meyitlərini təhqir edib
“Status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı. Amma Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
O bildirib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə törətdiyinin fərqindədir. Vitse-spiker Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu vurğulayıb: "Biz onların da problemlərini həll etməliyik".
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, bu ilin mart ayında təmas xəttində dinc əhalinin yaşadığı məntəqələr ağır silahlardan atəşə tutulub: “Aprelin əvvəlində düşmən ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi. Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Müdafiə Nazirliyi aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxardı. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. Düşmənin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb”.
Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov aprel ayında ermənilər tərəfindən mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açıldığını qeyd edib.
Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov nəzərə çatdırıb ki, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb. O qeyd edib ki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələri şiddətli atəşə tutulub: “Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır”.
Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov qeyd edib ki, aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi cinayətlərlə bağlı artıq Avropa İnsan Haqları Məhkəməsinə ərizələr göndərilib. Onun sözlərinə görə, Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib. Bundan başqa, vətəndaşlar da baş verən cinayətlərlə bağlı ərizələrlə müraciət edib: "Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Yaxın vaxtlarda bu şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq".
Dinləmələr müzakirələrlə davam etdirilib.