Xələf Xələfov: “Ermənistan sülhə vadar edilməlidir”

“Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə aparıb, Xocalıda soyqırımı törədib. Ermənistan ən azı Nürnberq prosesində olduğu kimi, cinayətlərinə görə cavab verməli idi”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda  keçirilən dinləmələr zamanı bildirib.

 

X.Xələfov deyib ki, aparılan işlərin Ermənistanın işğalına hüquqi-siyasi qiymət verilməsinə gətirib çıxaracağına inanır: “Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırırıq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat əksini tapmır. İnsan haqları üzrə ali komissar “Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası barədə hansı işləri görmüsünüz” sualına cavab verir ki, mandatları buna imkan vermir. Bu gülməlidir. Ən azı ali komissar Ermənistanı işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır”.

 

"Azərbaycan siyasi-diplomatik fəaliyyətində beynəlxalq hüquq normalarından yararlanır" deyən diplomat  qeyd edib ki, "Dağlıq Qarabağ Respublikasının Silahlı Qüvvələri" yoxdur, bu anlayışı Ermənistan və havadarları yaratmağa çalışırlar: “Beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə nail olmalıyıq. Ermənistan buna vadar edilməsə, məsələnin sülh yolu ilə həlli mümkün deyil. Azərbaycanın gərgin fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət bunu dərk edir. Azərbaycan xalqı “nə müharibə, nə sülh” şəraitində yaşamaq istəmir. İqtisadi uğurlarımız və ordu quruculuğumuzun bu münaqişənin həllinə imkan verəcəyinə inanırıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.

 

X.Xələfov təcavüz faktına görə cinayət işinin başlanması ilə bağlı müddəanın Cinayət Məcəlləsində əksini tapmasını da zəruri sayıb: “Azərbaycanın qələbəsinin yaxın vaxtlarda olacağına inanıram”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı