Özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edən dələduz tutuldu
Qazaxda özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb.
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon sakini Fariz Namazov rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Şahməddin adlı şəxs özünü Ombudsman Aparatının əməkdaşı kimi təqdim edərək ona məxsus mağazadan 68 manat məbləğində ərzaq mallarını, 200 manat nağd pulunu mənimsəyib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində özünü Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Şahməddin Həsənov Ağstafa rayonunun Poylu qəsəbəsində saxlanılıb.
Kazım Poladov, bölmə rəisi: "Şahməddin Həsənovun Ombudsman Aparatının adından istifadə etməsi ilə bağlı respublikada bu kimi cinayətlər törətməsi ehtimal olunur. Xahiş edərdim ki, Şahməddin Həsənovun qurbanları Qazax rayon Polis Şöbəsinə müraciət etsinlər".
Şahməddin Həsənov isə ittihamlarla razılaşmayıb. Bildirib ki, Qazax və Ağstafa rayonlarında qohumları yaşayır və tez-tez onlara baş çəkmək üçün bu rayonlara gəlir. O, məqsədinin yalnız vətəndaşların müraciətlərinin aidiyyəti qurumlara çatdırılması olduğunu deyib.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.