Neftçalada şəhid gizirin medalı anasına təqdim edildi

Bu gün Neftçala rayonunda cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun giziri Elimdar Səlimxan oğlu Səfərovun 40 mərasimi keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin,  Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin anasına təqdim edilib.

 

Mərasimdə iştirak edənlər 22 yaşlı şəhid gizir Elimdar Səfərovun keçdiyi döyüş yolundan, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıblar. Valideynlərinə belə oğul böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən  şəhid olub. Onun cənazəsi doğulduğu Neftçalanın Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı