Şəhid hərbçilərin medalları Bərdədə ailələrinə təqdim olundu

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan hərbçilərinin təltif edildikləri medallar Bərdə rayonunda ailələrinə təqdim olunub.

 

APA TV-nin xəbərinə görə, bu münasibətlə Bərdə şəhər mərkəzi meydanında təşkil olunan  tədbirdə şəhidlərin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Müdafiə Nazirliyinin əməkdaşları, “N” saylı hərbi hissənin hərbçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Bərdə rayonunda anadan olmuş hərbçi Musayev Səbuhi Rəfail oğlunun təltif edildiyi “İgidliyə görə” medalı 6 yaşlı oğlu Fərid Musayevə təqdim olunub.

 

Rəfail Musayev, şəhidin atası: "Fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub. Ana-bacılarımız üstündə, qeyrət üstündə, yağı düşmənlərimizdən qorumaq üçün şəhid olub. Fəxr edirəm. Öz təşəkkürümü bildirirəm Ali Baş Komandanımıza. Hər bir qayğı var. Vətən sağ olsun!"

 

Bərdədə doğulmuş digər hərbi qulluqçu Ziya Həsənovun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin atası Niyazi Həsənova təqdim edilib: "Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Gün o gün olsun ki, torpaqlarımız hamısı azad olsun. İnanıram ki, o gün tez gələcək. Lazım gələrsə, bir şəhid atası kimi özüm də bu yolda vuruşmağa hazıram. Canımla, qanımla Vətən üçün vuruşmağa hazıram".

 

Qeyd edək ki, müddətdən artıq hərbi xidmət keçən Səbuhi Musayev aprel ayında Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə, baş leytenant Ziya Həsənov isə Lələtəpə yüksəkliyi uğurunda gedən döyüşlərdə şəhid olub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov