Azərbaycanda su bahalaşdı

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

 

“Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üzrə bir kubmetr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunub. Bu, su təchizatı və tullantı sularının axıdılması tariflərində 39 faizlik artım deməkdir.

 

İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib.

 

Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.

 

Müəllif | Apa.Tv