Astarada “Lada Priora” dirəyə çırpıldı: 3 yaralı
Astarada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə gecə saat 12 radələrində rayonun Siyəkür kəndi ərazisində qeydə alınıb.
“Lada Priora” markalı minik avtomobil qəfildən idarəetmənin itirilməsi nəticəsində yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Siyəkür kənd sakinləri 26 yaşlı Akif Hikmət oğlu Muradov, 24 yaşlı Məhəmməd Murad oğlu Səmədullazadə və Vaqo kənd sakini, 30 yaşlı Orxan Akif oğlu Ağəliyev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Məhəmməd Səmədullazadə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Akif Muradov və Orxan Ağəliyev isə xəstəxanasının travmatologiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.