Şəhid Nurəddin Mirzəyevin medalı ailə üzvlərinə təqdim olundu

Silahlı Qüvvələrimizin şəhid əsgəri Nurəddin Etimad oğlu Mirzəyevin ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı mayın 13-də ailə üzvlərinə təqdim edilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, bu münasibətlə Yardımlı rayonunun Honuba  kəndində rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin məsul işçilərinin,  rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ağsaqqalların, gənclərin və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

 

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Azər Xamiyev  çıxış edərək, son illər ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söz açıb. 

 

Daha sonra şəhid Nurəddin Mirzəyevin layiq görüldüyü medal onun atasına təqdim olunub.

 

Şəhidin atası Etimad Mirzəyev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

 

Sonda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

 

Qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nurəddin Etimad oğlu Mirzəyev aprelin 3-nə keçən gecə cəbhə bölgəsindəki döyüşlərdə şəhid olub, aprelin 4-də Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

Müəllif | Apa.Tv