Neftin qiymətində gələn həftə ciddi bahalaşma gözlənilir

Birjalarda həftənin son hərracında neftin yekun qiyməti müəyyənləşib. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin bir bareli 47,89 dollardan satılıb. Bununla da həftə sonuna kimi neftin 50 dollaradək bahalaşacağı proqnozu özünü doğrultmayıb. Qərbi Texas nefti isə "Brent"ə nisbətən öz birja dəyərini qorumağı bacarıb. Son hərraclarda WTI nefti 46,38 dollardan satılıb ki, bu da həftəlik göstəricidən cüzi aşağıdır.

 

Proqnozlar özünü doğrultmasa da, gələn həftənin ilk hərraclarında neftin bahalaşacağı proqnozlaşdırılır. Qiymətlərə pozitiv təsir edəcək amillərə daha ikisi qoşulub. OPEK-in dünən açıqladığı hesabatda dünya üzrə neftə gündəlik tələbatın 1,2 milyon barel artacağı, qeyri-OPEK ölkələrində isə gündəlik hasilatın 740 min barel azalacağı qeyd olunub. Bundan başqa Nigeriyada artıq neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb. "ExxonMobil" şirkəti Nigeriyanın "Qua Lboe" terminalından neft daşımalarını dayandırdığını açıqlayıb və bunu fors-major vəziyyəti ilə izah edib. Şirkətdən bildiriblər ki, neft kəmərlərindən birində ciddi problem yaranıb, bu səbəbdən yataqlarda hasilat dayandırılıb. Hazırda Nigeriyada gündəlik neft hasilatı 2,2 milyon bareldən 1,65 milyon barelə enib, əgər yataqlarda texniki problemlər aradan qaldırılmasa, hasilat 1,2 milyon barelə enə bilər. Bu isə son 46 ildə ölkədə neft hasilatına görə ən aşağı göstəricidir.

 

Treyderlər hər iki amilin neftin qiymətlərinin bahalaşmasına təsir göstərəcəyini güman edir və həftənin ilk hərraclarında qiymətlərin 50 dollar həddinə mata biləcəyini düşünürlər

Müəllif | Apa.Tv
Apa.tv