Polşa da ABŞ-ın raket hücumundan müdafiə sisteminə sığındı
Polşada ABŞ-ın raket hücumundan müdafiə sisteminin qurulmasına start verilib. APA TV-nin məlumatına görə, bu məqsədlə təşkil olunan mərasimdə çıxış edən Polşa prezidenti Anjey Duda bildirib ki, bu addım Avropanın, o cümlədən Polşanın təhlükəsizliyinin möhkəmləndirilməsi prosesinin yeni mərhələsidir. Müdafiə naziri Antoni Matserevits isə bildirib ki, raket hücumundan müdafiə sisteminin qurulmasında məqsəd Polşa və müttəfiqlərinin müdafiə qabiliyyətini artırmaqdır.
Polşada dəyəri 182 milyon dollar olan yeni hərbi bazanın tikintisinə dair müqavilə fevralda imzalanıb. Sistemin ən mühüm elementləri olan radar və SM-3 atış qurğusu ABŞ-ın AMEC Programs İnc. şirkəti tərəfindən quraşdırılacaq.
Xatırladaq ki, iki gün əvvəl Rumıniyanın keçmiş Deveselu Hərbi Hava Qüvvələri bazasında ABŞ-ın raket hücumundan müdafiə sistemi istifadəyə verilib. Pentaqonun NATO-da nümayəndəsi Pobert Bell bildirib ki, bu sistem Rusiyaya qarşı yönəlməyib. Onun sözlərinə görə, İran ballistik raket proqramını inkişaf etdirir və NATO bu təhdidə hazır olmalıdır.
NATO-nun baş katibi Yens Stoltenberq də qeyd edib ki, Rumıniyadakı sistem Rusiya üçün təhdid təşkil etmir, çünki bazanın mövqeyi NATO sisteminə Rusiya qitələrarası ballistik raketləri vurmağa imkan vermir.
Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, NATO Avropada yeni raket hücumundan müdafiə sistemləri qurduqdan sonra ölkəsi öz tərəfindən lazımi preventiv addımlar atacaq. O, Rumıniyada radiolokasiya sisteminin quraşdırılmasını Rusiya ətrafında beynəlxalq durumu mürəkkəbləşdirdiyini qeyd edib.