YAP: İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir.

 

O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham Əliyev növbəti dəfə qələbə çalıb: “Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən “exit poll”arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək”.

 

Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.

 

Yeni Azərbaycan Partiyasnın sədr müavini Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkilərin nəticələrini legitim saymamasına münasibət bildirib. Əli Əhmədov deyib ki, C. Həsənli də vaxtında xalqın yanında olsaydı, çoxlu görüşlər və sair keçirsəydi, indi qələbə onun olardı: “Cəmil Həsənli və müşahidəçiləri ağıllarına nə gəlir danışa bilərlər, amma həqiqət artıq göz qabağındandır ki, xalq İlham Əliyevin yanındadır. Əlbəttə, bütün iddialarla bağlı Mərkəzi Seçki Komissiyası araşdırma aparacaq. Etiraz etmək onların hüququdur və bunun üçün onlara yer də ayrılıb. Onlar da ayrılan yerlərdə öz etirazlarını bildirə bilərlər. Amma qanundan kənar istənilən halların qarşısı alınacaq. Reallıq ondan ibarətdir ki, Azərbaycan xalqı bir daha sübut etdi ki İlham Əliyevlədir”.

 

Ə. Əhmədov deyib ki, C. Həsənlinin məğlubiyyətinin səbəbi təkcə təbliğat kampaniyasını zəif aparması deyil, onun ümumiyyətlə, xalqın etimadını qazana bilməməsidir.

 

 

Müəllif | Apa.Tv