Bakıda növbəti "Yaşıl dağ" aksiyası keçirildi
Paytaxtımızda növbəti "Yaşıl dağ" aksiyası keçirilib.
APA TV-nin xəbərinə görə, IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə keçirilən tədbir kağız tullantılarının toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” şüarı altında keçirilən layihə çərçivəsində reallaşıb.
Mərasimdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Yaşıl dağ” sosial aksiyasının bu günə qədər Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində həyata keçirildiyini vurğulayıb. Agentlik sədri bildirib ki, rəhbərlik etdiyi qurum bundan sonra da analoji sosial layihələrin həyata keçirilməsinə dəstək verməkdə davam edəcək.
Daha sonra Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazirlik rəsmisi Təhsil Nazirliyinin bu cür genişmiqyaslı və önəmli tədbirə dəstək olmaqdan məmnunluğunu ifadə edib. O, deyib ki, hər kəs bu məsələdə fəal olmalı, təbiətin qorunmasını hər şəraitdə təbliğ etməlidir.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov isə planetimizdə ekoloji tarazlığın müxtəlif nöqtələrdə tüğyan edən silahlı münaqişələr, o cümlədən sənayenin inkişafı nəticəsində pozulduğuna diqqət çəkib. O, bildirib ki, rəhbərlik etdiyi nazirlik ekologiyamızın, təbiətimizin qorunması naminə bu cür tədbirlərin keçirilməsini alqışlayır.
"Azərsun Holdinq"in prezidenti Abdulbari Gözəl isə deyib ki, doğma Azərbaycanımızın ekologiyası, onun təbiəti və iqlimini qorumaq hər kəsin müqəddəs vəzifəsi, amalı olmalı, hamı bu məqsəd ətrafında birləşməlidir.
IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov IDEA-nın təşəbbüsü ilə son 5 il ərzində 5 milyondan çox ağacın əkildiyini, bu xoşməramlı aksiyaların bundan sonra da davam etdiriləcəyini bildirib. O qeyd edib ki, IDEA gələcəkdə bu cür aksiyalara qoşulmanın kütləvi hal almasını arzulayır.
Tanınmış şoumen Murad Dadaşov isə təbiətin qorunması yolunda təbliğatın ilk növbədə ailədən başlamalı olduğunu bildirib. O, deyib ki, ölkəmizdə hər kəs "Hər kağızı bir yarpağa" dəyişək şüarı altında birləşməlidir.
Tədbirin bədii hissəsi zamanı uşaqların ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Kapoeyraçıların nümunəvi çıxışları isə xüsusi maraqla qarşılanıb.
Yekunda bu sosial aksiyanın məramına uyğun olaraq "Yaşıl dağ" yaradılıb.