Ələt-Astara magistralında dörd maşın toqquşdu: bir ölü, iki yaralı
Biləsuvarda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 94-cü kilometrliyində, yolun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonunun Adnalı kənd sakini, 58 yaşlı Əifağa İsayevin idarə etdiyi “QAZel” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən həmyerlisi, 32 yaşlı Vüsal İbrahimovun idarə etdiyi “Mersedes” markalı minik avtomobilinə, sonra Quba rayon sakini, 54 yaşlı Həmzə Ağayevin idarə etdiyi “Siat” markalı maşına çırpılıb. Nəticədə isə “QAZel” maşını Biləsuvar rayon sakini, 56 yaşlı Kamal Abdullayevin idarə etdiyi “Pejo” markalı minik avtomobilinə dəyib.
Hadisə zamanı "Pejo"nun sürücüsü aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. “Qazel”in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin İsayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Salyan və Biləsuvar rayonlarından təcili yardım maşınları cəlb olunub. Xilasedicilər tərəfindən avtomobildə sıxılıb qalmış meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlardan Elməddin İsayevin vəziyyətinin ağır olaraq qalır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.