Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli birgə təlimlər keçirəcək
“Neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin olunması məsələsini müzakirə etdik və razılıq əldə olundu”. APA TV-nin yerli bürosunun məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
İ.Yılmaz deyib ki, üç ölkə arasında hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq, treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələləri, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib və razılıq əldə olunub.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə qeyd edib ki, ikitərəfli və üçtərəfli görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən də son zamanlar münaqişə zonasında gərginliyin artması ətraflı müzakirə edilib. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyi və bir-birimizin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyi bir daha qeyd edilib: “Hərbi təhsil, təlimlər və hərbi texniki əməkdaşlıq və bir neçə mühüm məsələlər müzakirə olundu. Ən önəmlisi də odur ki, hər üç ölkənin bu istiqamətdə fikirləri üst-üstə düşür. Biz bu yöndə əvvəllər də böyük işlər görmüşük. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin bir neçə dəfə birgə təlimləri keçirilib. Bu çox önəmlidir. Bu tədbirlərə biz kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığı da əlavə etdik. Gürcüstan tərəfini də dəvət etdik və razılığı da aldıq”.
Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli mətbuat konfransında deyib ki, məqsəd regionda sülh və əmin-amanlığın bərpası və qorunmasına yönəlib. O qeyd edib ki, Gürcüstan bu gün Azərbaycan və Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əlaqələrə malikdir. Bugünkü görüşdə əldə olunan razılıq mövcud əməkdaşlığı daha da genişləndirməyə imkan yaradacaq. Xanım nazir bildirib ki, Gürcüstan və Azərbaycan ötən 25 il ərzində hər zaman Türkiyənin dəstəyini görüb.
Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını, bölgədə sabitliyin və davamlı inkişafın bərqərar olmasının tərəfdarı olduğunu bildirib.